Xan qızı Natəvanın evi XVIII əsrdə Şuşa şəhərində tikilmiş yaşayış binasıdır.
Saray böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir. Evin cənub divarı kərpicdən, qalan divarları isə yerli daşlardan inşa edilib. Bina planda 24 x 12,5 metr ölçüyə malikdir və düzbucaqlı formasındadır. Binanın yerdən dama qədər olan hündürlüyü 8,5 metrə bərabərdir.
Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.
İkinci mərtəbənin mərkəzində geniş qonaq zalı, onun ətrafında isə yaşayış üçün nəzərdə tutulmuş dörd otaq yerləşir. Zal, hər iki tərəfdən bütün uzunluğu boyunca 5 x 3,5 metr ölçülərə malik iri şəbəkə pəncərələr vasitəsiylə işıqlandırılır. Cənub divarında böyük giriş qapısı ətrafında daha iki pəncərə yerləşir. Parad zalının hündürlüyü 5 metrə yaxındır.
Tikili Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb.
Tikili ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 342
Coğrafi koordinatları – 39°45’53.3″N 46°45’03.0″E




















