LAYİHƏ HAQQINDA

irs.gilavar.az veb-saytı və İRS mobil tətbiqi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən hazırlanıb. Layihə ölkəmizin mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması çərçivəsində həyata keçirilib.

Layihənin əsas məqsədi Azərbaycanın mədəni irsinin vizual incəsənət, müasir texnologiya və rəqəmsal alətlərdən istifadə etməklə təbliğ edilməsi və beynəlxalq müstəviyə çıxarılmasıdır. İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi, tarixi-mədəni və arxeoloji abidələri haqqında fotoməlumatlar toplanılıb. Layihənin növbəti mərhələsində isə məqsədimiz ölkəmizin digər bölgələrində mövcud olan mədəni irsimizi, tarixi-mədəni abidələrimizi və təbiətimizi fotoşəkillər vasitəsilə yaddaşa köçürməkdir.

Ölkənin mədəni irsi ilə bağlı belə bir rəqəmsal platformanın yaradılması mədəni dəyərlərin qorunub saxlanılmasına, populyarlaşdırılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Eyni zamanda, bu layihə Azərbaycanın unikal mədəni irs abidələrinin dünyada tanıdılması üçün güclü bir vasitə olacaq və həmin ərazilərdə turizmin inkişafına öz töhfəsini verəcək.

Hazırda veb-saytda Azərbaycan Respublikasının ərazisində mövcud olan yerli, ölkə və dünya əhəmiyyətli memarlıq, tarix və mədəniyyət abidələri, məscidlər, məbədlər, kilsələr, daş fiqurlar, abidə kompleksləri, körpülər, bulaqlar, mağaralar, saraylar, malikanələr, eləcə də köhnə və yeni tikililərin fotoşəkilləri yer alıb. Ümumilikdə veb-saytda 82 məkan haqqında 1000-dən artıq fotomaterial mövcuddur.

Bölmələr üzrə statistika:

Bölgələr: 6

Abidələr: 8

Məbədlər: 25

Qalalar: 3

Saraylar: 5

Malikanələr: 11

Tikililər: 10

Bulaqlar: 6

Körpülər: 4

Təbiət: 9

Müəllif hüquqları

Veb-saytda yer alan bütün fotomaterialların müəlliflik hüququ Azərbaycan Fotoqrafiya Federasiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Fotoqrafiya Fonduna, “Gilavar Foto Klubu” İctimai Birliyinə və fotoların müəlliflərinə aiddir. Hər bir foto Azərbaycan Fotoqrafiya Fondunun unikal nömrəsi ilə nömrələnib və inventarlaşdırılıb.

Fotoların icazəsiz və/və ya kommersiya məqsədilə istifadəsi, fotoların üzərindən loqo və su nişanlarının silinməsi qəti qadağandır! Təqdim olunan fotoların təhrif, montaj, kollaj edilməsi və kəsilməsinə görə hüquqi məsuliyyət nəzərdə tutulub və bu, məhkəmə predmeti ola bilər.

Yuxarıda qeyd edilən müddəaların pozulması halları aşkar olunarsa, Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi məsələni məhkəmə müstəvisinə daşımaq hüququnu özündə saxlayır.