Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara XIX əsrin 80-ci illərində Şuşa şəhərində tikilmiş karvansaradır.
Karvansara məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilib. Binanın birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza, ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilib.
İkinci mərtəbədə binanın künc tərəfində tacirlər və qonaqlar üçün məscid də inşa edilmişdi. Məscidin üç nefli ibadət zalı səkkiz guşəli sütunlar üzərində dayanan oxvari tağ-tavanla örtülmüşdü.
Tikili 2023-cü ildə bərpa olunub, Şuşa Yaradıcılıq Mərkəzi kimi istifadə olunur.
Karvansara ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 353
Coğrafi koordinatları – 39°45’48.7″N 46°45’03.3″E




