Molla Pənah Vaqifin büstü XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş abidədir.
Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb.
Büstün arxasında 5 m hündürlüyü olan tağşəkilli divar mövcuddur. Büst Şuşa işğal edildikdən sonra dağıdılıb.
Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Abidə yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5691
Coğrafi koordinatları – 39°45’34.4″N 46°45’08.0″E





