Bülbülün ev-muzeyi Azərbaycan müğənnisi Murtuza Məmmədovun — Bülbülün yaşadığı evdir. Divarın üzərində aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa edilməsi göstərilir.
Ev iki otaq və eyvandan ibarətdir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib, burada ilk dəfə musiqi aləminə qədəm qoyub, məşhur xanəndə və musiqiçilərə qulaq asıb.
Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub. 1992-ci ilə qədər Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı olub.
Şuşa işğaldan azad ediləndən sonra bir dənə də olsun Bülbülün xatirəsini özündə əks etdirən hansısa əşyaya rast gəlinməyib. Onların hamısını ermənilər məhv edib. Burada sərgilənən hər əşya Bülbülün Bakıdakı ev muzeyinə məxsusdur, eksponatlar Bülbülün Bakıdakı ev muizeyindən gətirirlərək, bura təhvil verilib.
Hazırda ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
Tikili ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 373
Coğrafi koordinatları – 39°45’41.8″N 46°45’28.8″E




























