Mehmandarovların malikanə kompleksi XVIII əsrdə tikilmiş Şuşa şəhərində yerləşən saray tipli yaşayış kompleksidir. Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Yaşayış kompleksinin memarı Kərbəlayi Səfixan Qarabağidir.
Kompleks daş divarlarla əhatələnib. Ev, planda kvadrat formaya malikdir. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.
Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib.
Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirib. Şəhər işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib.
Kompleks ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 347
Coğrafi koordinatları – 39°45’23.5″N 46°45’12.7″E






















