Karvansara adası Bakının Bayıl burnunun yaxınlığında, Bakı buxtasında yerləşən adadır. Adanın üzərində tarixi Bayıl qalası inşa edilib.
Qala mənbələrdə müxtəlif adlarla “Sualtı şəhər”, “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s. anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır. Bayıl qalası 1232-1235 illərdə inşa edilib. 1306-cı ildə zəlzələ nəticəsində suya batıb.
Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi bürclə möhkəmləndirilib. Yan divarları tamamilə düz olmayan uzunsov bir düzbucaqlı şəklindədir. Qalanın uzunluğu 180 m, eni 35 m təşkil edir. Qalınlığı 1,2 x 1,8 m olan divarlar dairəvi və yarımdairəvi qüllələri bir-birinə birləşdirir.
Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən biri olan və tarixi memarlıq abidəsi sayılan Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.
Bu tarixi abidənin qalıqları 24 oktyabr 2001-ci ildə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində UNESCO-nun İlkin İrs siyahısına daxil edilib.
Qala dünya əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4.5
Coğrafi koordinatları – 40°21’10.8″N 49°50’26.6″E

















