Şuşa qalası Şuşa şəhərinin mərkəzini əhatə edən qala divarlarıdır. Qala 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib.
Yeni salınmış qala-şəhər onun banisi olan Qarabağ xanı Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılıb. Sonrakı dövrdə şəhər sadəcə Qala, bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırılıb.
Qalanın 3 qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Günümüzə ikisi, Gəncə qapısı və Ağoğlan qapısı gəlib çatıb. Qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə edib.
Gəncə qapısı və ya Çiləbörd qapısı qalanın şimal tərəfində yerləşir, qalanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. İrəvan qapısı və ya Xəlfəli qapısı qalanın qərb tərəfində yerləşir. Bu qapı Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Bu qapıdan çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı.
Şuşa şəhəri işğal altında olduğu dövrdə qala da möhkəm dağıntılara məruz qalıb. Şəhər azad edildikdən sonra qalanın böyük hissəsi bərpa edilib.
Qala ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 337
Coğrafi koordinatları – 39°45’57.1″N 46°45’01.3″E




























