TİKİLİLƏR

Siyasi repressiya qurbanları muzeyi

Siyasi repressiya qurbanları muzeyi Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən muzeydir. Muzey 24 may 2019-cu ildə açılıb.

Muzeyin təşkilində məqsəd repressiya qurbanlarının xatirəsinə ehtiramla yanaşı, vətəndaşlara münasibətdə dözümsüzlük nümayiş etdirərək onları saxta ittihamlar əsasında güllələnməsi, sürgün edilməsi və işgəncələr verməsi haqqında cəmiyyəti düzgün məlumatlandırmaqdır.

Muzeyin yerləşdiyi inzibati binada 1925-ci ildən sonra dövlətin əsas repressiv qurumları olan təhlükəsizlik orqanları (müxtəlif vaxtlarda bu orqanlar Azərbaycan Fövqəladə Komissiyası, Dövlət Siyasi İdarəsi, Dövlət Təhlükəsizlik Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi adlandırılıb) fəaliyyət göstərib. Binanın zirzəmisi həbs olunanların saxlanılması, istintaq kameraları, hökm çıxarılanların güllələnməsi üçün uyğunlaşdırılıb.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənəd və fotoşəkillərin surətləri, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərinin saytlarından götürülüb, Qazaxıstanın “ALJİR” (Aкмолинский лагерь жён изменников Родины) siyasi repressiya muzeyi tərəfindən təqdim olunub.

“Siyasi repressiya qurbanları” muzeyi bir neçə bölmədən ibarətdir. Muzeyin əsas zalında 10 lövhə yerləşdirilib. Muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı var. Dəhlizlərdə qanunsuz həbslərə etiraz və azadlığa canatmanı simvolizə edən kompozisiyalar yer alıb.

Coğrafi koordinatları – 40°22’16.5″N 49°50’49.8″E

FacebookTwitterWhatsappTelegramEmail