Əsgəran qalası XVIII əsrdə Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Qarqarçayın sağ və sol sahillərində dağ döşündə tikilən səddir. Qala Qarabağ xanı Pənahəli xanın göstərişi ilə xanlığının şərq sərhəddində inşa olunub.
Qalanın adı Əsgəran adlı yerlə bağlı olub Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “Aran” toponimindən ibarət olub, “Köhnə Aran, Qədim Aran” mənalarını daşıyır.
Qalanın sağ sahil (şərq) istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib.
Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirib.
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılıb. Bir qisim tarixçi qalanın tikilməsini Pənahəli xanın, digərləri Mehrəli xanın, bəziləri isə İbrahim xanın adı ilə bağlayır.
Xocalı rayonu işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.
Qala ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 263
Coğrafi koordinatları – 39°56’01.9″N 46°49’51.9″E












































