Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi XVIII əsrdə Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir.
Məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanı Pənahəli xanın göstərişi ilə 1750-ci illərdə qamışdan inşa edilib. 1768–1769-cu illərdə İbrahimxəlil xan qamış məscidin yerində daşdan yeni məscid tikilib. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilib.
Dördüncü məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir. Məscidin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib.
Şuşa şəhərinin işğalından sonra məscidin interyerləri tamamilə dağıdılıb, fasadına ciddi ziyan vurulub, minarələrinin minbər hissələri dağıdılıb.
10 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı olub.
Məscid ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 344
Coğrafi koordinatları – 39°45’36.7″N 46°45’09.3″E

































