Şirin su hamamı 1878-1880-ci illərdə Şuşa şəhərində Merdinli məhəlləsinin başlanğıcında tikilmiş hamamdır. Hamam Xurşidbanu Natəvanın Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə sifarişi ilə inşa edilib. Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir.
Hamam içməli su ilə işlədiyinə görə “Şirin su hamamı” adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edib.
İşğaldan sonra binanın özü salamat qalsa da daxilində müəyyən dəyişikliklər edilib. Divardakı rəsmlər silinib daxilində hamama aid olmayan hovuz tikilib. Tacirin oğlanları İsmayıl bəy və Ağakişi bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında “Ağakişi bəyin hamamı” kimi tanınıb.
Böyük Vətən müharibəsi illərinədək işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin 80-ci illərinin axırlarında bərpa edilib və şəhərin işğalınadək işləyib.
10 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə hamamının bərpadan sonra açılışı olub.
Tikili ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 365
Coğrafi koordinatları – 39°45’48.1″N 46°45’07.4″E






