Saatlı məscidi Şuşa şəhərinin Saatlı məhəlləsində tikilmiş məsciddir. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında tikilib. Abidə memarın son əsərlərindən biri hesab edilir.
Məscid tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Məscidi Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Minarə məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox həyətindən həyata keçirilir.
Saatlı məscidində sonuncu dəfə XX əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. Şəhərin işğal edildikdən sonra məscid talan edilib, minarəsi dağıdılıb. 2021-2023-cü illərdə məsciddə əsaslı bərpa işlər aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.
10 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı olub.
Məscid ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 355
Coğrafi koordinatları – 39°45’46.0″N 46°45’03.9″E











