MƏBƏDLƏR

Müqəddəs İohann kilsəsi

Müqəddəs İohann kilsəsi XIII əsrə aid Xocavənd rayonunun Tuğ kəndinin mərkəzində yerləşən alban məbədidir.

Kilsənin hazırkı binası qədim bir məbəd yeri üzərində tikilib. Kilsə apsidasının sağ tərəfində, köməkçi otağın girişinin qarşısında döşəmə səviyyəsindən bir qədər yüksəkdə nəhəng sütun altlıqlarının qalıqları görünür Vaxtilə giriş qapısı üzərində Müqəddəs İohann kilsəsinin damının 1736-cı ildə Dizaq məliyi Məlik Yeqan tərəfindən bərpa etdirildyi barədə məlumat verən kitabə olub. Lakin hal-hazırda kitabə yox edilib.

Kilsə böyük mailliyə malik ərazidə inşa edilib. Kilsənin qərb divarı bütövlükdə qayaya sıxılmış olsa da, şərq divarı tamamilə açıqdır və hətta təməli də görünür. Buna görə də qərb divarında bir, şərq divarında isə üç pəncərə yeri açılıb. Kilsənin yeganə qapısı cənub divarında, daş qala divarları ilə əhatə olunmuş kiçik həyətə açılır. 12,9 x 21,7 metr ölçülərə malik zalın tavanı yerli daşlardan hazırlanmış dörd pilona söykənir. Cənub divarının hörgüsündə yaxşı yonulmuş kvadrat formalı daşlar, digər divarlarda isə yarımyonulmuş daşlardan istifadə edilib.

İşğal dövründə abidə ermənilər tərəfindən qanunsuz bərpa işlərinə məruz qalıb. Kilsənin ətrafına xeyli sayda kənardan gətirilmiş qəbir daşları düzülüb. Abidənin giriş qapısı sökülərək yenilənib, kilsənin damı dəmir təbəqə ilə örtülüb, divarlar üzərindəki ornamental görüntülər silinib, divar yazıları isə yenilənib, konstruksiyaya zəng qülləsi əlavə edilib.

Məbəd yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4354-1

Coğrafi koordinatları – 39°35’17.6″N 46°57’47.7″E

FacebookTwitterWhatsappTelegramEmail