Mirik məbədi Laçın rayonunun Mirik kəndinin qərbində sal daşlar üzərində inşa edilib. Məbədin divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılıb. Alban memarlığının nadir nümunələrindən olan bu məbəd üçnefli bazilikadır. Bazilikanın uzunluğu 20,6 metr, eni 12 metr, divarın qalınlığı 1,55 metrdir.
Abidənin tikintisində əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli pud daşlardan və əhəngdən istifadə olunub. Binanın yeganə çıxış qapısının ətrafı və cənub fasadı zəngin ornamet və oymalarla bəzədilib. Abidənin interyerində daş üzərində günəş saatı formalı ornamet oyulub. Bazilikanın daxili içəriyə tərəfdən genişlənən 6 pəncərə vasitəsi ilə işıqlandırılır. Binanın daxili sütunları bərabər məsafədə dairəvi şəkildə yerləşdirilib. Tağ daşlarının çıxıntıları binanın künc daşlarına qədər uzanır.
Abidə sovet dövründə kəndin anbarı, sonralar isə kənd mədəniyyət evi kimi fəaliyyət göstərib.
Məbəd yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 4757
Coğrafi koordinatları – 39°41’26.7″N 46°19’56.7″E























