Bakirə Məryəm kilsəsi Xocalı rayonunun Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşən alban məbədidir.
Vərəndə məliyi Məlik Şahnəzərin oğlu burada kilsə inşa etdirib. Məbədin inşa tarixi 1065-ci ilə aid edilsə də, kilsənin yerində V-VII əsrlərə aid bazilika formalı qədim tikili olduğu müəyyən edilib. Kilsəsinin giriş portalının tağında yazılmış daş kitabədən bu qədim kilsənin fundamenti üzərində XVII-XVIII əsrlərdə də yeni kilsə inşa edildiyi məlum olur.
Yeni kilsənin inşasında qədim tikili qalıqlarından geniş istifadə edilib. Kilsənin divar hörgüsündə qədim tikilinin memarlıq elementləri ilə yanaşı qədim məzar daşlarından da istifadə olunub.
Qədim kompleksin yerində tikilmiş kilsənin uzunluğu 11 metr, eni 9 metr və hündürlüyü 7 metrdir. İbadət otağında zalın tağtavanı gözəl pilonlar, tağlar üzərində dayanır. Kilsənin qərb tərəfində giriş qapısı vardır. Cənub divarında iki, şərq divarında isə üç pəncərə yeri vardır. Kilsənin narteksi planda kvadrat formaya malik olmaqla, 6 metr uzunluğa və 9 metr enə malik tağtavanlı tikilidir.
Qədim alban məbədi kobud yonulmuş yerli qaya daşından tikilib. Kilsənin interyeri də müxtəlif ölçülü çoxaylı xaçdaşları ilə zəngin olub. Tikilinin cənub fasadını bəzəyən 2 x 1 metr ölçülərə malik üç qədim xaçdaş dövrümüzə ciddi zədələr və dağıntılar alaraq çatıb.
Kilsənin bütün qədim yazıları ermənilər tərəfindən tamamilə silinərək yeniləri əlavə edilib.
Məbəd ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 254
Coğrafi koordinatları – 39°42’05.5″N 46°49’52.2″E




















