MƏBƏDLƏR

Aşağı Gövhər ağa məscidi

Aşağı Gövhər ağa məscidi Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir.

Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. 1874-1875-ci illərdə Aşağı məscid kompleksində əsaslı yenidənqurma işləri aparılıb. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlayıb.

1992-ci ildə Şuşanın işğalı zamanı məscidin əsas binası və minarələri erməni silahlı qüvvələrinin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2020-ci ildə Şuşanın azad edilməsindən sonra Aşağı Gövhər ağa məscidində qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş insan və xaç işarəsi aşkarlanıb.

İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır. Məscidin üç nefli iki otaqlı ibadət zalı planda kvadrat formasına malik olmaqla 19.62 x 17.74 metr ölçüyə malikdir. İbadət zalı çatmatağ tavan və beş gümbəzlə örtülüb. Məscidin ikinci mərtəbəsində uzunu boyunca yanlarda qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır.

Məscid ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5152

Coğrafi koordinatları – 39°45’42.3″N 46°45’13.2″E

FacebookTwitterWhatsappTelegramEmail