Ağ xaç kilsəsi Xocavənd rayonunun Çinarlı kəndində yerləşən alban məbədidir. Bu tarixi-memarlıq abidəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasən kilsənin ən geci XIV əsrdə artıq fəaliyyət göstərdiyi məlum olur. Kilsə interyerində, şimal tağının altında yerləşdirilmiş xaçdaş 1333-cü ilə aiddir. Kilsə binasında IX əsrə aid kitabə qeydə alınıb.
Kilsədə vaxtilə onun inşası, zəng qülləsinin qoyulması ilə bağlı kitabələr olub. Hazırda bu kitabələr yox edilib. Kilsənin zəng qülləsində aşkar edilmiş kitabədən zəng qülləsinin 1674-cü ildə inşa edildiyi məlum olur. Zəng qülləsindən qərb tərəfdəki nişdə zəngin bədii ornamentli xaçdaş üzərindəki kitabə isə 1348-ci ilə aiddir.
Kilsənin narteks ilə birlikdə uzunluğu 15,75 m, eni isə 7,1 metrə bərabərdir. İbadət zalının mərkəzində altı sütun və sütunlar üzərində ucalan piramidavari dama malik zəng qülləsi inşa edilib. Zəng qülləsindən qərbdə zəngin ornamentli xaçdaş olub. Xaçdaş 2, 5 metr hündürlüyə malik olub və səthi tamamilə qabarıq və oyma naxışlarla örtülüb.
Məbəd ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 229
Coğrafi koordinatları – 39°30’48.9″N 47°01’21.4″E





















